Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsi zonasında gərginliyin artması barədə verdiyi məlumatlar yalandır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“Ermənistan baş nazirinin Brüsseldə keçirdiyi görüşlərdə Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində guya gərginliyin artması barədə verdiyi məlumatlar yalan və dezinformasiyadır”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
XİN rəsmisinin sözlərinə görə, real operativ vəziyyət və mövcud faktlar bunun tamamilə əksini sübut edir və Ermənistan rəhbərliyi bu yolla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. “Amma beynəlxalq ictimaiyyət real vəziyyət barəsində dolğun və düzgün məlumata malikdir”, - deyə H.Hacıyev qeyd edib.
O deyib ki, Ermənistan baş nazirinin bu kimi fəaliyyəti yalnız daxili istehlaka yönəlib və qeyri-legitim hakimiyyətini qorumaq məqsədi daşıyır. “Eyforiya dövrü artıq başa çatmaqdadır. Paşinyan Ermənistanla heç bir əlaqəsi olmayan demokratiya və insan hüquqlarından danışaraq özünün demokratiya deyil, dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsinə bəraət qazandırmağa çalışır. Ermənistan rəhbərliyinə artıq ayılmağı və reallığı anlamağı tövsiyə edərdik. Reallıq odur ki, Ermənistanın üzləşdiyi problemlərin kökündə qonşulara münasibətdə yürütdüyü sui-qəsd xarakterli siyasət durur. Bu siyasət Ermənistanın müstəqilliyi və suverenliyini viran edir, Ermənistanı yoxsulluq və qeyri-sabitlik uçurumuna aparır”, - deyə H.Hacıyev vurğulayıb.*
F.İsazadə