2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda qiymətli kağızlarla aparılan əməliyyatların həcmi 12 mlrd. 451,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,4 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
I yarımillikdə Azərbaycanda korporativ qiymətli kağızlarla əməliyyatların həcmi 40,8% - 1 mlrd. 128,9 mln. manata qədər azalıb.
Səhmlərlə əməliyyatların həcmi 695,1 mln. manat (azalma 33,7%), o cümlədən ilkin bazarda 429,1 mln. manat (azalma 56,4%), təkrar bazarda 266 mln. manat (artım 4,1 dəfə) təşkil edib.
Bu dövrdə korporativ istiqrazlarla əməliyyatların həcmi 49,4% - 433,8 mln. manata qədər azalıb, o cümlədən ilkin bazarda manatla nominallaşdırılmış istiqrazlarla əməliyyatların həcmi 100,3 mln. manat (azalma 20,9%), ilkin bazarda ABŞ dolları ilə nominallaşdırılmış istiqrazlarla 42,5 mln. manat (azalma 36,5%), təkrar bazarda manatla nominallaşdırılmış istiqrazlarla 183 mln. manat (azalma 57,5%), təkrar bazarda ABŞ dolları ilə nominallaşdırılmış istiqrazlarla 108 mln. manat (azalma 53,7%) təşkil edib.
MBNP-nin məlumatına görə, 2018-ci ilin yanvar-iyun aylarında dövlət qiymətli kağızları ilə əməliyyatların həcmi 5,4 dəfə - 6 mlrd. 6,7 mln. manata qədər artıb.
I yarımillikdə törəmə qiymətli kağızlarla əməliyyatların həcmi 4 mlrd. 849,8 mln. manat (artım 2,2 dəfə) təşkil edib.*
N.Abbasova