2018-ci ilin I yarısında Azərbaycanda yol hərəkəti qaydaları pozuntusuna görə 34,1 mln. manat cərimə tətbiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
«Yanvar-iyun aylarında 34,1 mln. manat cərimə tətbiq edilib», - məlumatda qeyd olunur.
Hesabat dövrün ərzində yol hərəkəti qaydaları əleyhinə 1 mln. 619,7 min inzibati xəta (2017-ci ilin analoji dövrü ilə müqayisədə artım 4,1%) qeydə alınıb.
Eyni zamanda, xətaların 50,3%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 13,9%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 12,4%-i dayanma və ya durma qaydalarının pozulması, 10,5%-i svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
I yarımillikdə yol-nəqliyyat hadisələrinin sayı 5% - 806-dək, zərərçəkənlərin sayı isə 6,4% - 1,074 min nəfərədək azalıb.
“Ümumilikdə, 763 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 311 nəfər isə ölüb. Yol-nəqliyyat hadisələri nəticəsində yaralıların 75%-i və həlak olanların 79,7%-ni kişilər təşkil edir”, - Komitədən qeyd olunub.
Yol-nəqliyyat hadisələrinin çox hissəsi (91,2%) yaşayış məntəqələrində baş verib. Nəticədə 250 nəfər ölüb, 728 nəfər xəsarət alıb. 2017-ci ilin I yarısı ilə müqayisədə ölənlərin sayı 12,1% artıb, yaralananların sayı isə 6,5% azalıb.
Bütün yol-nəqliyyat hadisələrinin 47,5%-i nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verib.
Sərxoş sürücülərin törətdiyi 23 qəza nəticəsində 12 nəfər ölüb, 19 nəfər isə yaralanıb.
Yol-nəqliyyat hadisələrinin 39,5%-i gündüz, 21,8%-i gecə, 30,1%-i isə istirahət günlərində baş verib.**
F.İsazadə