2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $4 mlrd. 972 mln. 96,94 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 2,8 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi $16 mlrd. 524 mln. 541,98 min təşkil edib. Yanvar-iyul aylarında ixracın həcmi $10 mlrd. 748 mln. 319,46 min, idxalın həcmi $5 mlrd. 776 mln. 222,52 min təşkil edib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $10 mlrd. 522 mln. 54,35 min, ixracın həcmi $6 mlrd. 152 mln. 362,04 min, idxalın həcmi $4 mlrd. 369 mln. 692,31 min təşkil edib.
Beləliklə, 2018-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 57%, ixrac 74,7%, idxal 32,2% artıb.
İxracın strukturunda 80,72% neftin, 3,11% neft məhsullarının, 6,98% təbii qazın, 0,53% elektrik enerjisinin, 2,8% meyvə-tərəvəz məhsullarının, 0,05% çayın, 0,08% bitki və heyvan mənşəli yağların, 0,14% qəndin, 0,08% spirtli və spirtsiz məhsulların, 0,38% kimya məhsullarının, 0,74% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,42% pambıq, 0,121% pambıq ipliyin, 0,46% qara metal və ondan hazırlanan məmulatların, 0,72% alüminium və ondan hazırlanan məmulatların, 2,67% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 13,3% ərzaq məhsullarının, 1,27% tütün və tütün məhsullarının, 0,12% sementin, 2,66% əczaçılıq məhsullarının, 3,52% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,87% odun və agac məhsullarının, 11,21% qara metal və ondan hazırlanan məmulatların, 23,72% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 8,54% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,05% mebelin, 31,74% digər məhsulların payına düşüb.
2018-ci ilin yanvar-iyul aylarında xarici ticarət əməliyyatlarında 5,563 min özəl və dövlət müəssisəsi və 8,371 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan dünyanın 170 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-iyul aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 24,79%-i), Türkiyə (7,98%), İsrail (7,55%), Hindistan (5,3%), Tayvan (4,74%), İndoneziya (4,3%) və Kanada (4,01%), əsas idxal əməliyyatlarını isə Rusiya (15,88%), Türkiyə (15,27%), Çin (10,15%), Almaniya (6,65%), ABŞ (4,89%) və Ukrayna (4,07%) ilə həyata keçirib.*
N.Abbasova