Prezident İlham Əliyev sentyabrın 5-də Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“T.Kono Yaponiyanın “İtoçi” və “İnpeks” şirkətlərinin uzun illər “Azəri-Çıraq-Günəşli” (AÇQ) və Bakı-Tbilisi-Ceyhan (BTC) layihələrində pay sahibi olduqlarını vurğulayıb. Onun sözlərinə görə, Yaponiya energetika sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır”, - deyə məlumatda qeyd olunur.
Nazir deyib ki, Yaponiya iki ölkə arasında birbaşa aviareyslərin açılmasında maraqlıdır və bu, turizm sahəsində əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Prezident İ.Əliyev qeyd edib ki, əməkdaşlığımızın gündəliyi çox genişdir və Yaponiyanın xeyli sayda şirkəti Azərbaycanda kontraktor, investor qismində uğurlu fəaliyyət göstərir. O, iki ölkənin biznes dairələri arasında əməkdaşlığın daha da genişləndirilməsi yollarının müəyyən edilməsinin önəmini də vurğulayıb. “Ölkəmizin turizm imkanlarına toxunan dövlət başçısı Azərbaycana gələn turistlərin sayının ildən-ilə artdığını qeyd edib və respublikamızda turizm infrastrukturunun ən yüksək səviyyədə olduğunu deyib”, - deyə məlumatda vurğulanır.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, turizm və digər sahələrdə genişləndirilməsinin böyük potensiala malik olduğu qeyd edilib.*
A.Əzizov