Dövlət Gömrük Komitəsində (DGK) informasiya texnologiyaları və texnoloji innovasiyalar üzrə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçirilib. Bu barədə komitənin məlumatında deyilir.
Görüşdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, ölkəmizin ixrac potensialının artması sahəsində informasiya texnologiyalarının payı azdır və görüşün əsas məqsədi sahibkarların bu sahədəki problemlərini, təklif və rəylərini öyrənərək vəziyyətdən çıxış yollarını müzakirə etməkdir.
Onun sözlərinə görə, Elektron Hökumət Portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təqdim etdiyi xidmətlərin sayı artırılıb və 2018-ci ilin yanvar-avqust ayları ərzində ümumilikdə elektron xidmətlərdən istifadə edənlərin sayı 2,05 mln. nəfərdən artıq olub.
Komitə sədri 2018-ci ildə Azərbaycana gələn turistlərin sayında ciddi artım olduğunu bildirib. “Məhz gömrük xidmətinin informasiya texnologiyaları sahəsində həyata keçirdiyi yeniliklər hesabına, xüsusilə hava limanlarında turistlərin sərhədkeçmə və gömrük məsələləri yüksək səviyyədə həllini tapıb, sıxlıqlar və vaxt itkiləri qeydə alınmayıb”, - deyə S.Mehdiyev vurğulayıb.*
B.Rüstəmbəyov