Britaniyanın "Anglo Asian Mining" şirkəti (AAM - Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator – İF-Az) yaxın vaxtlarda Daşkəsən rayonundakı “Gədəbəy” müqavilə sahəsində ilk dəfə aerocoğrafi çəkiliş aparmağı planlaşdırır. Bu barədə şirkətin məlumatında deyilir.
«AAM Kanadanın “Geotech Limited” şirkəti ilə əlavə qızıl və gümüş yataqlarının aşkarlanması, qazmanın gələcək məqsədlərinin müəyyən edilməsi üçün “Gədəbəy” müqavilə sahəsində aerocoğrafi çəkilişin aparılması haqqında müqavilə imzalayıb. İşlərə yaxın həftələrdə başlanılacaq», - deyə məlumatda qeyd olunur.
Şirkətin məlumatına görə, birinci aerogeofiziki çəkiliş 300 kv. km-lik "Gədəbəy" müqavilə sahəsinin bütün ərazisini əhatə edəcək. Tədqiqat uzunmüddətli əsasda qiymətli metalların hasilat həcmlərinin artırılması üçün aparılır. Nəticələrdən asılı olaraq, şirkət gələcəkdə digər müqavilə sahələrində də aeroçəkiliş aparmağı nəzərdə tutur.
“Anglo Asian Group”un geologiya və mədənçıxarma sənayesi üzrə baş direktoru Stiven Vesthed bildirib ki, aerocoğrafi çəkilişin aparılması üçün helikopter xidməti Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən göstəriləcək.
"Bu, təkcə bütün "Gədəbəy" müqavilə sahəsində deyil, həm də Azərbaycanda ilk belə hərtərəfli tədqiqatdır. Biz artıq Gədəbəydəki bir çox qızıl və mis yataqları haqqında məlumatlıyıq və bu tədqiqatlar bizə filiz minerallaşmasının paylanması tendensiyaları barədə informasiya verəcək", - deyə S.Vesthed qeyd edib.*
N.Abbasova