Energetika Nazirliyi və Norveçin “Equinor” şirkəti alternativ və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq qurmağı planlaşdırır. Bu barədə nazirlikdən məlumat verilir.
Energetika Nazirliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) və “Equinor” şirkətinin nümayəndələrinin iştirakı ilə alternativ və bərpa olunan enerji mənbələrinin mövcud vəziyyəti və bu mənbələrdən istifadə sahəsində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə dair iclas keçirilib.
“İclasda qeyd olunub ki, belə görüşlərin keçirilməsində məqsəd“Equinor” şirkəti ilə alternativ enerji sahəsinin inkişafına təkan verəcək layihələrin birgə həyata keçirilməsinə nail olmaqdır”, - məlumatda bildirilir.
Hazırda Azərbaycanda 30-a yaxın sosial obyektdə bərpa olunan enerji mənbələri ilə bağlı layihələr həyata keçirilib. Bu sahənin inkişaf etdirilməsi üçün “Tik-təhvil ver” modelinin tətbiqinin vacibliyi və yeni qanun layihəsinin hazırlandığı qeyd edilib.
“Equinor” şirkətinin meneceri Andres Yestad öz növbəsində deyib ki, şirkət gələcəkdə alternativ enerji layihələrinə daha çox investisiya yatırmağı planlaşdırır və 2030-cu ilə qədər investisiyaların 15%-i məhz bərpa olunan enerji layihələrinə yönəldiləcək.
“Müzakirələrin yekununda ikitərəfli əməkdaşlıq üçün perspektiv sahələrin seçilməsi, “Equinor” şirkəti tərəfindən əməkdaşlığa dair konkret təkliflərin təqdim edilməsi, gələcəkdə Energetika Nazirliyi ilə şirkət arasında əməkdaşlığa dair müqavilənin imzalanması məsələsinə baxılması qərara alınıb”, - məlumatda vurğulanır. **
N.Abbasova