Bu ilin 9 ayı ərzində İKT sektoru üzrə investisiya qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 69 faiz artaraq 225 milyon manat olub. Bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə məlumat verib.
“2018-ci ilin yanvar-sentyabr aylarında İKT sektorunun gəlirləri 1,1 milyard manatdan 1,2 milyard manata yüksəlib. Bu ilin 9 ayı ərzində İKT sektoru üzrə investisiya qoyuluşu 225 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 69 faiz çoxdur”, - deyə o, oktyabrın 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
R.Quluzadənin sözlərinə görə, nazirlik regionların telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi üzrə Şimal, Qərb və Cənub istiqamətlərində irimiqyaslı layihənin icrasına başlayıb. Layihə çərçivəsində quraşdırılacaq yeni stansiyalar bir milyon istifadəçini müasir telekommunikasiya xidmətləri ilə təmin edəcək.
O qeyd edib ki, Bakı şəhərində bir xətt üzərindən üç xidmət - telefon, internet və televiziya xidmətlərinin göstərilməsini təmin edən GPON və yeni simsiz rabitə texnologiyalarına əsaslanan LTE layihələri həyata keçirilir. Bu layihələr nəticəsində ilin sonunadək 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq.
“Görülən işlər nəticəsində ölkə əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir. Əhalinin və turistlərin ictimai yerlərdə internetə daha rahat çıxışını təmin etmək üçün Bakının 20 parkında “İctimai WiFi” istifadəyə verilib. Dünya İqtisadi Forumunun 2017-2018-ci il hesabatına əsasən Azərbaycan internet istifadəçilərinin faizinə görə dünyanın 137 ölkəsi arasında 34-cü yerdədir. Ölkəmiz bu göstərici üzrə dünyanın orta göstəricisindən 1,7 dəfə, MDB ölkələrinin orta göstəricisindən isə 1,2 dəfə öndədir”, - deyə o vurğulayıb.*
N.Abbasova