2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 26 mlrd. 158,1 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 13 mlrd. 133,9 mln. manat (2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 2,1%), qeyri-ərzaq mallarının alınmasına 13 mlrd. 24,2 mln. manat (artım 3,3%) sərf olunub.
Yanvar-sentyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,3%-i içki və tütün məmulatlarının, 18,2%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bu dövrdə ticarət şəbəkəsində bir ölkə sakini 148,8 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.*
N.Abbasova