Prezident İlham Əliyev bu gün Lənkəran Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Gənclər və idman naziri Azad Rəhimov kompleksdə yaradılan şərait barədə prezidentə məlumat verib. Bildirilib ki, kompleksin tikintisinə 2013-cü ildə başlanılıb. Lənkəran Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsinə ümumilikdə 15 milyon manat vəsait ayrılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb.
Nazirin sözlərinə görə, bu, ölkəmizdə idmançıların ixtiyarına verilən sayca 44-cü Olimpiya İdman Kompleksidir.
Prezident İ.Əliyev “Azərxalça” ASC-nin Lənkəran filialının açılışında da iştirak edib.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov bildirib ki, filialın binasının tikintisinə bu ilin martında başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 13 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq.
Dövlət başçısı, həmçinin Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib ki, yolun uzunluğu 22 kilometr, hərəkət hissəsinin eni 6 metrdir. 7 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 9,1 milyon manat vəsait ayrılıb.*
R.Babayev