Bazar ertəsi prezident İlham Əliyev “Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov prezidentə “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi” layihəsi haqqında məlumat verdi.
Q.Hüseynovun sözlərinə görə, layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Astara şəhərində 28,5 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Layihə çərçivəsində gələcəkdə rayonda 73 min nəfərin yaşadığı 27 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə, bu layihədən 102 min sakin faydalanacaq.
Həmçinin İ.Əliyev Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə tanış olub.
Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı inşaat işlərinə prezident İlham Əliyevin 2017-ci ilin iyunun 8-də imzaladığı sərəncama əsasən başlanılıb. Tikinti işləri 2018-ci ilin avqust ayında başa çatdırılıb. Park-bulvar kompleksinin ikinci hissəsinin ərazisi 10 hektar sahəni əhatə edir. **
R.Babayev