Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Çexiyada keçirilən "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018"də iştirak edir. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Səfər çərçivəsində Z.Həsənov bir sıra müdafiə şirkətlərinin rəhbərliyi ilə ikitərəfli görüşlər də keçirib”, - deyə məlumatda bildirilir.
Azərbaycan nümayəndə heyəti şərgidə iştirak edən xarici ölkələrin müdafiə şirkətlərinin istehsal etdiyi məhsullarla tanış olaraq onların təyinatları barədə ətraflı məlumatlandırılıb.
Sərgi Çex Respublikasının Müdafiə, Daxili İşlər, Xarici İşlər nazirlikləri, Silahlı Qüvvələrin Baş Qərargahı, NATO qərargahı, Avropa Müdafiə Agentliyi və bir sıra digər milli və beynəlxalq təşkilatların dəstəyi ilə keçirilir.
Bu tədbir milli və qlobal təhlükəsizlik hədəflərinin təqdimi və təşviqi, eyni zamanda, müdafiə və təhlükəsizlik sahələri üzrə məlumat mübadiləsi məqsədilə keçirilən beynəlxalq səviyyədə tanınmış nüfuzlu bir platformadır.
Sərgidə 60-dan çox ölkənin 1200-dək şirkəti iştirak edir.*
F.İsazadə