2018-ci il sentyabrın 30-na İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə Bakıda yaşayan vətəndaşlara 18,109 min ipoteka krediti verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
30 sentyabr 2018-ci il tarixinə İKZF-nin xətti ilə 23,75 min, o cümlədən yanvar-sentyabr aylarında 2,673 min ipoteka krediti verilib. Beləliklə, fondun xətti ilə verilən bütün ipoteka kreditlərinin 76,2%-i Bakının payına düşüb.
Sentyabrın 30-na Sumqayıtda 2,371 min, Abşeron rayonunda (Xırdalan) 1,664 min, Gəncədə 837, Naxçıvanda 252 ipoteka krediti verilib, qalan kreditlər respublikanın digər şəhərlərinin payına düşüb.
Fondun məlumatına əsasən, oktyabrın 1-nə fondun agent bankları tərəfindən 1,099 mlrd. manat məbləğində kredit, o cümlədən kommersiya şərtləri ilə 784 mln. manat məbləğində ipoteka krediti, 315 mln. manat məbləğində isə sosial ipoteka krediti təkrar maliyyələşdirilib.
18-29 yaş arasında olan (bütün ipoteka kreditlərinin 35,5%-i), 30-35 yaş arasında olan (34,1%) və 36 yaşdan yuxarı şəxslər (30,4%) daha çox ipoteka krediti götürürlər.
Aktiv şəkildə ipoteka ilə mənzil alanlar subay şəxslər (51,6%) və kişilərdir (82,9%). Borc alanların 50%-nin aylıq gəliri 1,1 min manatı ötür.
Yanvar-sentyabr aylarında İKZF ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən 50 mln. manat, fondun istiqrazlarının yerləşdirilməsindən 155 mln. manat (ümumilikdə 205 mln. manat) cəlb edib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
B.Rüstəmbəyov