Qarabağ problemi münaqişə tərəfləri tərəfindən, kənardan təzyiq olmadan öz həllini tapmalıdır. Bunu Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Pyotr Svitalski deyib.
“Aİ ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə yardım edir. Tərəflər münaqişənin həlli yolunu tapmalıdır. Heç kəs tərəflərə öz qərarını zorla qəbul etdirə bilməz. Biz nikbinliyimizi itirmirik və inanırıq ki, nə vaxtsa həll yolu tapılacaq”, - P.Svitalski çərşənbə axşamı ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Millsin Qarabağa dair bəyanatını jurnalistlərə şərh edərkən bildirib.
Öncə R.Mills bəyan edib ki, Qarabağ nizamlanmasında Ermənistan Azərbaycana güzəştə getməli olacaq.
“Hökumətimin düşüncəsi budur ki, həmin ərazilərdən gələcəkdə “sülhə qarşılıq ərazilər” formulasında istifadə olunacaq. Reallıq ondan ibarətdir ki, istənilən nizamlanma işğal olunmuş ərazilərin müəyyən hissəsinin qaytarılmasını tələb edəcək”, - R.Mills qeyd edib.
Həmçinin, Aİ-nin səfiri bəyan edib ki, Ermənistan və Avropa İttifaqının münasibətləri “zəngin gündəliyə malikdir”.
“Ermənistan suveren ölkədir və xarici siyasətini özü müəyyən edir. Aİ ilə münasibətlərin müxtariyyət statusuna, zəngin gündəliyə, həmin gündəliyin implementasiyası üçün yaxşı mühitəmalik olduğuna sevinirik. Biz bu münasibətlərə Ermənistanın digər dövlətlərlə əlaqələri kontekstində yanaşmaq istəmirik”, - P.Svitalski vurğulayıb. **