Azərbaycanın Rusiyadan qaz alışı həcmi illik 1 mlrd. kubmetrədək təşkil edə bilər. “Bloomberg”in məlumatına görə, bunu SOCAR şirkətinin vitse-prezidenti Elşad Nəsirov Minskdə jurnalistlərə bildirib.
“Əgər kommersiya nöqteyi-nəzərindən Rusiyadan qaz almaq sərfəlidirsə, o zaman alacağıq. Biz “Qazprom”a müqaviləni 2020-ci ildək uzatmağı təklif etdik. Alış həcmləri kommersiya maraqlarından asılı olacaq, illik 1 mlrd. kubmetrə qədər təşkil edəcək”, - E.Nəsirov bildirib.
“Hesab edirik ki, boru kəmərləri boş qalmamalıdır. “Qazprom” ilə müqavilə qüvvədədir, canlıdır”, - o əlavə edib.
E.Nəsirovun sözlərinə görə, ARDNŞ da Rusiya ərazisində neft yataqlarının işlənməsində maraqlıdır.
“Rosneft”, “Qazprom”, “Novatek” daxil olmaqla, Rusiyada bir neçə şirkətlərlə neft yataqlarının işlənməsinə dair danışıqlar aparırıq”, - o vurğulayıb. **