2018-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin “Petkim” neft-kimya holdinqinin xalis mənfəəti 2017-ci ilin analoji dövrü ilə müqayisədə 11,7% - 915,434 mln. türk lirəsinə qədər azalıb. Bu barədə holdinqin məlumatında deyilir.
“SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi - İF-Az) “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir.
Cari ilin 9 ayı ərzində kompleksin ümumi mənfəəti 1 mlrd. 519,91 mln. TL (artım 10,2%), əməliyyat mənfəəti 1 mlrd. 315,536 mln. TL (artım 6,2%), satılmış məhsulun maya dəyəri 5 mlrd. 762,69 mln. TL (artım 43,2%) təşkil edib.
30 sentyabr 2018-ci il tarixinə “Petkim”in aktivləri 13 mlrd. 959,046 mln. TL (artım 79,2%), kapitalı 4 mlrd. 176,522 mln. TL (artım 8,8%), bölüşdürülməmiş mənfəəti 1 mlrd. 23,971 mln. TL (artım 3,6 dəfə) məbləğində olub.
Bu dövrdə holdinqin öhdəlikləri 9 mlrd. 782,524 mln. TL (artım 2,5 dəfə) təşkil edib.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.*
N.Abbasova