Maliyyə naziri Samir Şərifov təhsil kreditinin ödənişi üzrə dəqiq mexanizm olmadığından bu sahəni Azərbaycanda banklar üçün cəlbedici hesab etmir.
“Təhsil kreditlərinin verilməsi hələlik sual atında qalır. Banklar və kredit təşkilatları təhsil krediti verməklə riskə getmək istəmirlər. Kreditləşmə mexanizmini tapmadıq, cəhdlər var, lakin onlar bütün sualları həll etmir. Şəxsən məndə bu kreditlərin qaytarılması şübhə doğurur”, - S.Şərifov çərşənbə axşamı parlament komitələrinin 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, xaricdə bu məsələ universitet məzunlarını işəgötürənlərin hesabına həll olunur. “Banklar işəgötürənlərlə müqavilə bağlayırlar və kreditlərin qaytarılmasını təmin edirlər”, - S.Şərifov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda dövlət hesabına təhsil alan tələbələrin sayı azalıb. “2019-2020-ci illərdə bu növ tələbələrin sayının artırılması məqsədilə müəyyən vəsaitin ayrılması planlaşdırılır”, - nazir vurğulayıb. **
B.Rüstəmbəyov