Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın genişlənməsindən məmnundur.
“Azərbaycan ilə ABŞ arasında siyasi, iqtisadi, enerji və müdafiə sahələrini əhatə edən möhkəm tərəfdaşlıq əlaqələri mövcuddur”, - İ.Əliyev cümə günü ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyonsu qəbulu zamanı bəyan edib.
Dövlət başçısı Əfqanıstanda ölkələrimizin beynəlxalq sülh və sabitliyə töhfə verdiklərini bildirərək, Azərbaycanın bu ölkədə sülhməramlı əməliyyatlarda iştirak edən ilk dövlətlərdən biri olduğunu dedi.
İ.Əliyev Azərbaycanın orada iştirak edən əsgərlərinin sayının bu yaxınlarda daha da artırıldığını və Azərbaycanın Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına töhfələrinin, NATO ölkələrinə göstərdiyi nəqliyyat-logistika dəstəyinin NATO üzv dövlətləri tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.
“Azərbaycanda nəqliyyat infrastrukturu, o cümlədən avtomobil və dəmir yolları, hava və dəniz limanlarına böyük həcmdə investisiya qoyulub, Azərbaycan nəinki regionda, daha geniş məkanda ən güclü nəqliyyat infrastrukturuna malik ölkələrdən biri olub”, - İ.Əliyev vurğulayıb.
Prezident ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyonsun səfərinin əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını bildirdi. **
B.Rüstəmbəyov