2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda yol hərəkəti qaydaları pozuntusuna görə 58,7 mln. manat cərimə tətbiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
«Yanvar-sentyabr aylarında 58,7 mln. manat cərimə tətbiq edilib. Hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə 2 mln. 635,4 min inzibati xəta (2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 4,9%) aşkarlanıb», - deyə məlumatda qeyd olunur.
«Xətaların 51,5%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 13,3%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 10,3%-i dayanma və ya durma qaydalarının pozulması, 10,5%-i svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,1%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb», - deyə məlumatda bildirilir.
Yanvar-sentyabr aylarında yol-nəqliyyat hadisələrinin sayı 3,7% - 1,284 minədək, zərərçəkənlərin sayı isə 2,4% - 1,771 min nəfərədək azalıb.
Yol qəzalarında 1,244 min nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 527 nəfər isə ölüb. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,2%-ni, yaralananların isə 74,5%-ni kişilər təşkil edib.
Yol-nəqliyyat hadisələrinin 89,5%-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 9,7% artaraq 407 nəfər, yaralananların sayı isə 0,8% azalaraq 1,172 min nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 44,1%-i nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 32 hadisə baş verib, nəticədə 13 nəfər ölüb, 31 nəfər yaralanıb.
Bundan başqa, hadisələrin 40,4%-i gündüz, 40%-i gecə baş verib, 29,3%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.*
F.İsazadə