Azərbaycanın gömrük orqanları ümumi çəkisi 800 qram olan qızıl zərgərlik məmulatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısını alıb. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
“İstanbul-Bakı aviareysi ilə gələn Rusiya Federasiyası vətəndaşı gömrük nəzarətini "yaşıl kanal"la keçərkən saxlanılıb və yoxlama otağına dəvət edilib. Yoxlamadan öncə həmin şəxsə gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif olunub.
Vətəndaş yoxlama başlandıqdan sonra pencəyinin iç cibindən çıxararaq təqdim etdiyi 4 ədəd sellafon paketə baxış keçirilib. Baxış zamanı əvvəlcədən gömrük nəzarətinə yazılı, elektron və şifahi qaydada bəyan olunmayan, ümumi çəkisi 800 qram qızıl zərgərlik məmulatları - üzərində qaşlar olan 37 ədəd üzük, 65 ədəd boyunbağı, 161 cüt sırğa, 5 ədəd kulon və 37 ədəd qolbaq aşkar edilib”, - deyə məlumatda bildirilir.
Faktla bağlı araşdırma aparılır.*
R.Babayev