Sumqayıt Kimya Sənaye Parkında (SKSP) fəaliyyət göstərən müəssisələrə $2,2 mlrd. investisiya qoyulub, növbəti mərhələdə isə $0,8 mlrd.-dək investisiya qoyulacaq. Bunu prezident İlham Əliyev deyib.
«Hazırda Sumqayıt Kimya Sənaye Parkında 18 rezident var, 9 müəssisə fəaliyyətdədir. Gələn il əlavə 4 müəssisə fəaliyyətə başlayacaq. Bu günə qədər rezidentlər tərəfindən müəssisələrə $2,2 mlrd. sərmayə qoyulub və növbəti illərdə bu rəqəm təxminən $3 mlrd.-a çatacaq”, - deyə İ.Əliyev bu gün park ərazisində bir sıra müəssisələrin açılış mərasimində bildirib.
Dövlət başçısının sözlərinə görə, 18 müəssisə tam gücü ilə işləyəndən sonra 6 min iş yeri təmin ediləcək.
İ.Əliyev vurğulayıb ki, ferroərintilər zavoduna $25 mln. sərmayə qoyulub, qarşıdakı illərdə investisiyaların həcmi $100 mln.-a çatdırılacaq.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.*
F.İsazadə