10 nəfərdən çox şəxs, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Bakıda icazəsiz yürüş zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“11 nəfər, o cümlədən AXCP-nin sədri Əli Kərimli saxlanılıb”, - deyə məlumatda bildirilir.
Aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilib. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılıb.
«Noyabrın 17-si saat 16.00 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvləri Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq, özlərinin adlandırdıqları “Meydan hərəkatı”nın 30 illiyi ilə əlaqədar, əslində isə siyasi məqsədlərlə paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər», - deyə məlumatda qeyd olunur.
İctimai asayişin pozulması ilə müşayiət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.*
R.Babayev