2019-cu ildə Azərbaycanda Belarusun taxılyığan texnika və avtobuslarının birgə istehsalı təşkil olunacaq. Bu barədə Belarusun STV telekanalı xəbər verir.
"Belarus dövlət başçılarının razılaşmaları çərçivəsində 2018-ci ilin sonuna kimi Azərbaycana daha 300 ədəd traktor və 30 ədəd kombayn tədarük edəcək. 2019-cu ildə Gəncədə taxılyığan texnikanın və Bakı aeroportu üçün Belarus avtobuslarının birgə istehsalının təşkili planlaşdırılır", - deyə məlumatda qeyd edilir.
Noyabr ayının 18-də Minskdə Belarus-Azərbaycan Hökumətlərarası Komissiyasının XI iclası keçirilib. İclasda tərəflər fəal əməkdaşlığı davam etdirmək niyyətlərini bir daha təsdiq ediblər. Ticarətin inkişafı, sənaye kooperasiyası və logistika prioritet sahələrdəndir.
Belarus tərəfinin məlumatına görə, 2018-ci ilin 9 ayı ərzində Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi $331,5 mln. təşkil edib. Bunun $321.9 mln.-u Belarus tərəfindən ixracın, $9,6 mln.-u isə idxalın payına düşüb. Belarus, əsasən kənd təsərrüfatı texnikası, dərmanlar, dəmir yolu vaqonları, Azərbaycan isə polimer, asiklik karbohidrogen, neft məhsulları, pambıq lifi, spirtli içkilər və meyvə şirələri ixrac edib.*