2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 mln. 415,9 min turist gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Turizm Agentliyindən məlumat verilib.
“Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycana 6,1% çox əcnəbi gəlib. Gələnlərin 31,3%-i Rusiya Federasiyası, 20,4%-i Gürcüstan, 13,8%-i Yaxın Şərq ölkələri, 10,1%-i Türkiyə, 9%-ə qədəri İran vətəndaşlarıdır”, - deyə məlumatda bildirilir.
2018-ci ilin yanvar-oktyabr aylarında Yaxın Şərq ölkələrindən gələn ziyarətçilərin sayı 42%, Asiya ölkələrindən gələnlərin sayı isə 56,7% artıb. Hindistan və Pakistandan gələn səyahətçilərin sayı müvafiq olaraq 183% və 149% artıb.
Cari ilin yanvar-oktyabr aylarında Azərbacana səfər edən Iran vətəndaşlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 33%, Türkiyə vətəndaşlarının sayı 2,5% azalıb.
Agentliyin məlumatına görə, 2018-ci ilin oktyabr ayında Azərbaycana 212 min nəfər səfər edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,5% çoxdur.
«Onların 63,7 min nəfərini Rusiya (azalma 3,7%), 53 min nəfərini Gürcüstan (artım 25,5%), 12,5 min nəfərini İran (azalma 37,2%), 22,9 min nəfərini Türkiyə (azalma 15,2%), 18,1 min nəfərini Yaxın Şərq ölkələri (artım 31,1%), 20,3 min nəfərini Asiya ölkələrinin vətəndaşları (artım 38%) təşkil edir», - deyə məlumatda qeyd olunur.*
Ə.Məmmədov