Prezident İlham Əliyev bu gün Türkmənistana rəsmi səfərə gedib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Aşqabad beynəlxalq hava limanında İ.Əliyevi Türkmənistanın baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək vəzifəli şəxslər qarşılayıblar”, - deyə məlumatda bildirilir.
Türkmənistan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, sabah baş tutacaq ikitərəfli görüş zamanı prezidentlər İlham Əliyev və Qurbanqulı Berdiməhəmmədov Türkmənistan-Azərbaycan əməkdaşlığının əsas aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq siyasət məsələləri ilə bağlı fikir mübadiləsi aparacaqlar.
"Danışıqlarda ticarət-iqtisadi əlaqələrin intensivləşdirilməsi və şaxələndirilməsinə, yanacaq-energetika kompleksi, nəqliyyat və logistika, elmi-humanitar və mədəniyyət, idman və turizm sahələrində əməkdaşlığa böyük diqqət ayrılacaq", - deyə məlumatda qeyd olunur.
Görüşün sonunda ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır.*
R.Babayev