ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ, RF və Fransa) Azərbaycan və Ermənistan liderləri arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair dialoqun bərpasına ümid edirlər.
“Həmsədr ölkələr sentyabrda Düşənbədə keçirilən MDB sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderlərinin söhbətindən sonra atəşkəs rejiminin pozulması hallarının mühüm dərəcədə azalmasını alqışlayıblar. Onlar Düşənbədə əldə olunan razılıqların həyata keçirilməsini davam etdirmək və vətəndaşların sülhə hazırlanması məqsədilə konkret tədbirlərin görülməsi təklifi ilə tərəflərə müraciət ediblər. Həmçinin, həmsədrlər münaqişənin ədalətli və davamlı həllinə yardım etmək üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan liderləri arasında intensiv dialoqun bərpasına ümid etdiklərini bildiriblər”, - dekabrın 5-də Milanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün yekunlarına dair həmsədrlərin bəyanatında qeyd olunur.
Bəyanatda vurğulanır ki, Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov və Ermənistanın xarici işlər nazirinin vəzifəini icra edən Zöhrab Mnatsakanyan münaqişənin sülh yolu ilə həllinə dair intensiv fəaliyyətə sadiq olduqlarını təsdiq ediblər: “Onlar 2019-cu ilin əvvəlində yüksək səviyyəli danışıqlara yardım etmək məqsədilə ATƏT-in Minsk qupunun hamiliyi ilə görüş keçirməyə dair razılığa gəliblər”, - bəyanatda qeyd olunur. **
F.İsazadə