2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 mlrd. 266 mln. 512,32 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 19,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,03%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
"Hesabat dövründə Azərbaycan Rusiyaya $600 mln. 75,7 min dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 13,4% çoxdur. Bütövlükdə, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan ixracın 3,35%-i Rusiyanın payına düşüb”, - deyə məlumatda bildirilir.
Yanvar-noyabr aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $1 mlrd. 666 mln. 436,56 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 22,2% çoxdur. Azərbaycana idxalın ümumi həcmində 16,19% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, cari ilin yanvar-noyabr aylarında RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $1 mlrd. 66 mln. 360,8 min təşkil edib.
2017-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 mlrd. 141 mln. 283,27 min təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 4,3% çoxdur. 2017-ci ildə Azərbaycanın bütün ticarət dövriyyəsinin 9,48%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb. **
B.Rüstəmbəyov