2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 578,2 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 28,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada sement istehsalında 21,1% - 3 mln. 218,5 min tonadək, hazır beton qarışığı istehsalında 90,7% - 1 mln. 312,7 min tonadək artım qeydə alınıb.
Bundan başqa, işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatların istehsalı 37,3% – 30,384 min tonadək, asfalt istehsalı 2 dəfə - 270,7 min tonadək, tikinti kərpici istehsalı 7,4% - 286,4 min kubmetrədək artıb.
Bu ilin yanvar-oktyabr aylarında tikinti gipsi istehsalında 50,9% - 40,8 min tonadək, beton konstruksiya istehsalında 29,8% - 97,7 min kubmetrədək, sement, süni daş və betondan tikinti blokları və kərpic, süni daş və ya beton istehsalında 20,8% - 73,3 min tonadək, tikinti əhəngi istehsalında 1,1% - 27,3 min tonadək azalma qeydə alınıb.**
B.Rüstəmbəyov