Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Milanda Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar zamanı erməni hənkarı Zoxrab Mnatsakanyan ilə qarşılıqlı anlaşmaya nail olduğunu bəyan edib.
“Hesab edirəm ki, Milanda baş tutan son görüşdə erməni həmkarımla uzun zamandan etibarən ilk dəfə qarşılıqlı anlaşmaya nail olduq”, - E.Məmmədyarov çərşənbə axşamı Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə 2018-ci ilin yekunlarına həsr olunan qəbulda bildirib.
Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları 2019-cu ildə Azərbaycan üçün əsas vəzifə olaraq qalacaq.
“Vaxtımın əksər hissəsini Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına həsr etdim. Bu, həmçinin gələn ilin əsas vəzifəsi olacaq”, - E.Məmmədyarov vurğulayıb.
“Əsas məqsəd - nəzərə çarpacaq nəticələr əldə etməkdən ibarətdir”, - o əlavə edib.
Nazirin sözlərinə görə, o cümlədən, 2019-cu ilin yanvar ayında Z.Mnatsakanyan ilə keçiriləcək görüşdə münaqişənin sülh yolu ilə həlli yolları müzakirə olunacaq.
“Biz münaqişənin həlli yollarını müzakirə edəcəyik. Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır”, - E.Məmmədyarov bəyan edib. **
F.İsazadə