Dünya Bankı Azərbaycanda sosial müdafiə sahəsinin qənaətbəxş səviyyədə olmadığını hesab edir və bu istiqamətdə vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsini tövsiyyə edir. Bunu çərşənbə günü jurnalistlərə DB-nin eksperti Cem Mete deyib.
Onun sözlərinə görə, Azərbaycan əhalinin sosial müdafiəsi, həmçinin təhsil sahəsinə daha çox diqqət ayırmalıdır.
“Dünya Bankı Azərbaycan hökumətinə insan kapitalının inkişafı üzrə bir sıra tədbirlər təklif edib. Onları iki qrupa ayırmaq olar – sosial müdafiənin gücləndirilməsi və təhsil sahəsinin subsidiyalaşmasının genişləndirilməsi. Bu sahəyə, xüsusilə məktəbəqədər və ali təhsil sahələrinə maliyyə yatırımları zəruridir. Sosial müdafiə sahəsinə gəlincə isə, bu sahəyə də yeni alətlərin tətbiqi ilə yanaşı subsidiyalar ayırmaq lazımdır”, - C.Mete bildirib.
O qeyd edib ki, Azərbaycan İnsan kapitalı İndeksində 157 ölkə sırasında 69-cu yerdə qərarlaşıb. Ölkənin ÜDM və gəlirlərini qiymətləndirsək, bu normal göstəricidir. “Lakin, ölkənin xüsusiyyətləri və neft gəlirləri nöqteyi-nəzərindən potensialını nəzərə alsaq, o zaman Azərbaycan gələcəkdə daha yüksək yeri tuta bilər”, - C.Mete vurğulayıb.
Öz növbəsində, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli jurnalistlərə bildirib ki, nazirlik DB-nin nümayəndələrinin sosial müdafiə sisteminə dair rəyi ilə tam razı deyil. “DB-nin İnsan kapitalı İndeksi üzrə hesabatını ətraflı araşdırdıq və bəzi məqamlarla razı deyilik. DB mülahizələrində 2015-ci ilin məlumatlarına əsaslanır, həmin dövrdən etibarən isə sosial müdafiə sahəsində böyük iş həyata keçirilib”, - nazir müavini əlavə edib. **
Ə.Məmmədov