2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 195 ölkədən 2 mln. 208,6 min əcnəbi vətəndaş gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 31,1%-i Rusiya Federasiyası, 20,9%-i Gürcüstan, 8,6%-i İran, 10,1%-i Türkiyə, 3,1%-i Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları olub”, - deyə məlumatda bildirilir.
Gələnlərin 65,7%-ni kişilər, 34,3%-ni isə qadınlar təşkil edib.
“Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Belə ki, ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,1 dəfə, Küveyt vətəndaşlarının sayı 1,9 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 10,4%, Oman vətəndaşlarının sayı 8,5% artıb.
Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 6,5%, İrandan gələnlərin sayında 33,4% azalma müşahidə edilib.
2018-ci ilin yanvar-noyabr aylarında MDB ölkələrindən gələnlərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 4,3% - 971,3 min nəfərə qədər artıb.
Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 106,5 min nəfər təşkil edib (artım 7,1%).
Hesabat dövründə Azərbaycana gələrkən turistlərin 57,1%-İ dəmir yolu və avtomobil, 41,9%-i hava, 1%-i isə su nəqliyyatından istifadə edib.
2018-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,5% artaraq 4 mln. 464,5 min nəfər olub.
Ölkə vətəndaşlarının 29,1%-i Gürcüstana, 33,3%-i İrana, 18,9%-i Rusiya Federasiyasına, 12,6%-i Türkiyəyə, 1,5%-i Ukraynaya, 0,9%-i Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
“Cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 81,2%-i dəmir yolu və avtomobil, 18%-i hava, 0,8%-i faizi isə su nəqliyyatından istifadə edib”, - məlumatda qeyd edilir.**
B.Rüstəmbəyov