Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ildə 4,43 mln. sərnişinə xidmət göstərib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9% çoxdur. Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin məlumatında deyilir.
“Hesabat dövründə AZAL-ın payına 1 mln. 89 min sərnişin, milli loukoster “Buta Airways”in (2017-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb) payına isə 442 min sərnişin düşüb”, - deyə məlumatda bildirilir.
2018-ci ildə 3,81 mln. sərnişin (sərnişin dövriyyəsinin 86%-i) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq reyslərin 33,4%-i AZAL-ın, 11,6%-i isə “Buta Airways”in, 55%-i xarici şirkətlərin payına düşüb.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan artıq aviaşirkətə xidmət göstərir. İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran, Bağdad, Tbilisi, Doha və Təl-Əviv beynəlxalq istiqamətlərin ən populyar onluğuna daxil olub. Bu istiqamətlər üzrə 2,7 mln. sərnişin uçub.
2018-ci ildə beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı, “Turkish Airlines”, “FlyDubai”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Air Arabia”, “S7 Airlines”, “Qatar Airways”, “Utair”, “Lufthansa” və “SCAT” daxil olmuşdur. Onlar ümumilikdə 1,15 mln. sərnişinə xidmət göstərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. 2017-ci ildə aeroport 4,06 mln. sərnişinə xidmət göstərib, bunun 85%-i beynəlxalq reyslərin sərnişinlərinin payına düşüb.*
N.Abbasova