Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin rüşvət almaqda ittiham olunan əməkdaşları barəsində cinayət işi başlanıb.
“Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri ilə Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Mehdi Abasov Mərkəzin baş məsləhətçisi Hafis Allahyarovvə qeyriləri ilə əlbir olaraq, müxtəlif vədlər verərək işsiz və işaxtaran şəxslərdən ümumilikdə 7.400 manat məbləğində rüşvət almalarına, habelə eyni məqsədlə 1 nəfər rayon sakinindən 1.000 manat rüşvət almağa cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb”, - deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı rəsmi məlumatda bildirilir.
Cinayət işi üzrə Mehdi Abasov və Hafis Allahyarovun xidməti otaqları və yaşadıqları ünvanlarda məhkəmənin müvafiq qərarları ilə aparılmış axtarış nəticəsində içərisində ayrı-ayrı şəxslərdən pul alınmasını təsdiq edən yazılar olan kitabçalar, işaxtaran vətəndaşların qeydiyyatı kitabı, müxtəlif arayışlar, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.*
R.Babayev