Naxçıvan Muxtar Respublikasından Bakıya avtobus marşrutu üzrə gecə reysləri fəaliyyətə başlayıb.
Naxçıvan şəhərində reysin rəsmi açılış mərasimi olub.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional müxbiri məlumat verir.
“Muxtar respublika sakinlərinin paytaxt Bakı şəhəri ilə əlaqəsinin daha da genişləndirilməsi və vaxt itkisinin azaldılması məqsədilə gecə reysi istifadəyə verilib”, - Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin sektor müdiri Natiq Həsənovmərasimdə bildirib.
O bildirib ki, gecə reysi gündüz reysi ilə bərabər fəaliyyət göstərəcək. Avtobuslar hər gün saat 19:30-da Naxçıvandan yola düşüb, səhər saat 9:00-da Bakıya çatacaq. Bakıdan isə avtobus saat 21:00-da yola çıxacaq və növbəti gün səhər saat 10:00-da Naxçıvan şəhərinə çatacaq. “Biletin bir istiqamət üzrə qiyməti 25 manat təşkil edir. Beş yaşınadək uşaqlar üçün gediş haqqı pulsuzdur. Beş yaşından 10 yaşınadək olan uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir. Biletləri muxtar respublikanın bütün avtovağzallarındakı kassalardan əldə etmək mümkündür”, - Dövlət Nəqliyyat Xidmətinin nümayəndəsi qeyd edib.
N.Həsənov əlavə edib ki, hələlik bir gecə reysi nəzərdə tutulub, lakin zərurət yaranacağı halda reyslərin sayı artırılacaq.
O vurğulayıb ki, sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar xəttə buraxılıb. Eyni zamanda, sərnişinlərin yolboyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub. “Bakı şəhərinə ilk reyslə 10 sərnişin yola salınır”, - N.Həsənov bildirib.
Bakıdan Naxçıvana ilk gecə avtobusu cümə günü saat 21:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınacaq.
Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə reyslər 2017-ci ilin noyabr ayından etibarən fəaliyyət göstərir. Avtobuslar İran sərhədindən keçməklə tranzitl iə hərəkət edir. **
Q.Hüseynova