Azərbaycan gömrük sistemi dünyanın ən şəffaf gömrük sistemlərindən biri olmalıdır. Bunu prezident İlham Əliyev deyib.
Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüş zamanı prezident qeyd etdi ki, o, Azərbaycan gömrük sisteminin dünyanın ən şəffaf gömrük sistemlərindən biri olmasını istəyir və Ümumdünya Gömrük Təşkilatının bu məqsədə çatmaq işində bizə kömək göstərməyi davam etdirəcəyinə ümidvar olduğunu bildirdi”, - məlumatda deyilir.
İ.Əliyev hazırda Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində genişmiqyaslı islahatların həyata keçirildiyini və bunun artıq çox yaxşı nəticələr verdiyini vurğuladı.
Öz növbəsində, K.Mikuriya Azərbaycan gömrük sisteminin nümunəvi bir qurum olduğunu və Ümumdünya Gömrük Təşkilatının standartlarına uyğun fəaliyyət göstərməsini yüksək qiymətləndirdi. **
F.İsazadə