1 yanvar 2019-cu il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 2 mln. 185,46 min təşkil edir. Bu barədə İB-nin saytında məlumat verilir.
“2018-ci ildə İB-də əhali sektoru üzrə 92,313 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 50,515 mini Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 41,798 mini isə regionların payına düşüb”, - deyə məlumatda bildirilir.
“Azəriqaz”ın məlumatına görə, 2018-ci ildə şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün 3,193 min km yeni qaz kəməri quraşdırılmış, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 526,6 min km qaz kəməri əsaslı təmir olunub. Nəticədə, ötən il Azərbaycanın regionlarında 150 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.
Qazlaşdırma işləri “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib.
“Azəriqaz” 2017-cı ildə 56 yaşayış məntəqəsini qazlaşdırıb.**
N.Abbasova