Belarusda keçiriləcək II Avropa Oyunlarında Azərbaycandan 50-dən çox idmançının iştirakı gözlənilir. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
"Minskdə keçiriləcək II Avropa Oyunlarında Azərbaycan 15 idman növündə təmsil olunacaq", - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın 16 nümayəndəsi II Avropa Oyunlarında iştirak etmək üçün lisenziya qazanıb.
"Bu günə 13 gimnast lisenziya qazanıb. Bundan başqa, boks, kamandan oxatma, kanoedə avarçəkmə yarışlarının hər biri üzrə aktivimizdə 1 lisenziyamız var", - deyə A.Rəhimov qeyd edib. O əlavə edib ki, Avropa Oyunlarında iştirak hüququ əldə etmək üçün samboçular, stolüstü tennisçilər və digər idmançılar da lisenziya yarışlarında iştirak edəcəklər.
"Cüdo, güləş, karate kimi idman növlərində turnir iştirakçıları reytinq balları üzrə müəyyən ediləcəklər. Bütovlükdə, II Avropa Oyunlarında ölkəmizi 50-dən çox idmançının təmsil edəcəyini gözləyirik", - deyə nazir əlavə edib.
II Avropa Oyunları 2019-cu il iyunun 21-dən 30-dək Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək. Qitənin ən böyük idman forumunda 50 ölkədən 4 mindən çox idmançı iştirak edəcək. İdmançılar 15 idman növündə 199 mükafat dəsti, eləcə də 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadaya lisenziya (10 növdə) uğrunda mübarizə aparacaqlar.
I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Bakıda (avarçəkmə üzrə yarışlar Mingəçevirdə baş tutub) keçirilib. Bu Oyunlarda 253 mükafat dəsti uğrunda 50 Avropa ölkəsindən 5,73 min idmançı 30 idman növü üzrə mübarizə aparıb.
Yarışlarda ən yaxşı nəticəni Rusiya idmançıları göstərib. Onlar I Avropa Oyunlarında 79 qızıl, 40 gümüş və 45 bürünc medal qazanıblar. İkinci yerdə ev sahibiolan Azərbaycan idmançıları qərarlaşıb. Ölkəmiz 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanıb. 3-cü yeri 47 (18 qızıl, 10 gümüş və 19 bürünc) medalla Böyük Britaniya idmançıları tutub.*
R.Babayev