Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planının hazırlanması işinin 2-ci mərhələsinə mart ayında başlamağı planlaşdırır.
“Birinci mərhələnin nəticələri əsasında beynəlxalq səviyyədə tanınmış şəhərsalma şirkətinin seçilməsi üçün müvafiq layihə tapşırığı hazırlanıb və şirkətin müəyyənləşdirilməsi üçün açıq tender elan olunub. Tenderin nəticələrinin 2019-cu ilin mart ayında elan olunaraq, Bakı şəhərinin baş planının hazırlanması işinin 2-ci mərhələsinə başlamaq planlaşdırılır”, - deyə komitə sədri Samir Nuriyev kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə hazırlanmasına əvvəlki illərdə başlanılmış daha bir neçə şəhərin baş planlarının Nazirlər Kabineti tərəfindən təsdiq olunması gözlənilir. “Ötən il, həmçinin Sumqayıt şəhərinin baş planı Nazirlər Kabineti tərəfindən təsdiq edilib, Tovuz və Quba şəhərlərinin baş planlarının layihələrinin hazırlanması yekunlaşdırılıb, Biləsüvar şəhərinin baş planının işlənməsi isə başa çatmaq üzrədir. Eyni zamanda, 2018-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə daha 6 şəhərin (Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad və Kürdəmir) baş plan layihələrinin hazırlanmasına start verilib. Hazırda Azərbaycanda təsdiq olunmuş baş planları olan cəmi 34 şəhər var”, - deyə o qeyd edib.
Xəbər verildiyi kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planının hazırlanması işinə “The Boston Consulting Group” şirkətini cəlb edib. Müqavilənin dəyəri 1 mln. 285 min avrodur.
Komitə “The Boston Consulting Group” şirkəti ilə birgə Bakı şəhərinin baş planının hazırlanması işinin iki mərhələdə təşkil edilməsini planlaşdırır. Birinci mərhələ artıq başa çatıb.
Birinci mərhələdə paytaxt ilə bağlı bugünədək hazırlanmış bütün şəhərsalma və ərazi planlaşdırılması sənədləri, o cümlədən “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələri təhlil edilib, ən uğurlu dünya təcrübəsi və ölkənin inkişaf prioritetləri nəzərə alınaraq Bakı şəhərinin inkişafı konsepsiyası hazırlanıb, inkişaf prioritetlərinin istiqamətləri müəyyənləşdirilib.
İkinci mərhələdə komitə “The Boston Consulting Group” şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında nüfuzlu şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyəti ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının işlənməsi prosesini yekunlaşdıracaq.
Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan və ictimai müzakirələr aparıldıqdan sonra Bakı şəhərinin baş planını təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq baş plan təsdiq olunduqdan sonra 20 il ərzində qüvvədə olacaq.*
Ə.Məmmədov