“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2022-ci ilədək Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının $7 mlrd. 671 mln.-dək artacağını proqnozlaşdırır.
2018-ci ilin yekunları üzrə AMB-nin valyuta ehtiyatları $5 mlrd. 622,5 təşkil edib. Beləliklə, agentlik 2019-2021-ci illərdə bankın ehtiyatlarının 36,5% artacağını proqnozlaşdırır.
Agentliyin proqnozlarına görə, 2019-cu ildə AMB-nin valyuta ehtiyatları $6 mlrd. 754 mln.-dək, 2020-ci ildə $7 mlrd. 211 mln.-dək, 2021-ci ildə $7 mlrd. 671 mln.-dək artacaq.
Xəbər verildiyi kimi, 30 iyun 2014-cü il tarixinə AMB-nin valyuta ehtiyatları maksimum həddə - $15 mlrd. 163,2 mln. məbləğində olub. Lakin 2014-cü ilin ikinci yarısından etibarən valyuta ehtiyatlarından milli valyutanın məzənnəsinin saxlanılması üçün istifadə edildiyinə görə onların həcmi azalmağa başlayıb. Nəticədə 2014-cü ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları $13 mlrd. 758,3 mln.-dək, 2015-ci ilin sonuna $5 mlrd. 16,7 mln.-dək, 2016-cı ilin sonuna $3 mlrd. 974,4 mln.-dək azalıb.
2017-2018-ci illərdə AMB-nin valyuta ehtiyatları artıb. Xüsusilə 2017-ci ildə bankın valyuta ehtiyatları 34,2%, 2018-ci ildə isə 5,4% artıb.*
A.Əzizov