Azərbaycanda sərnişin avtobusunun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 10 nəfər xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Qəza bu gün səhər saatlarında Abşeron rayonunun Atyalı qəsəbəsində baş verib.
“Qəza zamanı müxtəlif dərəcəli xəsarətlər almış 10 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 6 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib, daha 4 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb”, - deyə S.Əhmədova bildirib.
Onun sözlərinə görə, yaralılardan 4-ü qadındır. “Yaralılardan 3-ü neyro-cərrahiyyə, 2-si travmatologiya, 1-i isə reanimasiya şöbəsinə yerləşdirilib. Onların vəziyyətləri orta sabitdir”, - deyə mətbuat xidmətinin əməkdaşı qeyd edib.
Daxili İşlər Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində sərnişin avtobusu yol kənarında dayanan yük maşını ilə toqquşub. İlkin versiyaya görə, qəza avtobusun əyləc sisteminin xarab olması səbəbindən baş verib.*
R.Babayev