2018-ci ilin yekunları üzrə 18 aqroparkın yaradılmasına güzəştli kreditin həcmi 114,3 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Vurğulanıb ki, hökumətdən güzəştli kredit əldə edən aqroparkların ümumi layihə dəyəri 475 mln. manat təşkil edir. Hazırda 17 aqroparkda planlaşdırılan bütün işlərin birinci mərhələsi başa çatıb.
Bundan başqa, aqroparkların fəaliyyətinin təmin olunması məqsədilə həmçinin sahibkarlara 25 layihə üzrə investisiya təşviqi sənədi verilib. Bu layihələrə ümumi investisiya qoyuluşları 563,5 mln. manat məbləğində qiymətləndirilir.
Xəbər verildiyi kimi, 2019-cu ildə daha 10 aqroparkın istifadəyə verilməsi planlaşdırılır.
Ümumilikdə, Azərbaycanda 200 min hektara yaxın ərazidə 51 aqroparkın yaradılması planlaşdırılır. Onların yaradılmasına investisiyalar 2,2 mlrd. manat həcmində qiymətləndirilir. **
B.Rüstəmbətov