“Azərmaş” zavodu 2019-cu ildə 3 min ədəd minik avtomobili istehsal etməyi planlaşdırır. Bu barədə bu gün jurnalistlərə zavodun direktoru Emin Axundov məlumat verib.
«Bu il “Azərmaş” zavodunda 3 min ədəd minik avtomobilinin istehsalı planlaşdırılır”, - deyə o bildirib.
Direktorun sözlərinə görə, bu il zavod Ukraynaya avtomobil ixracına başlamağı planlaşdırır. «Bu ölkəyə 300 ədəd “Khazar” markalı avtomobil ixrac olunacaq. Tədarükə 2019-cu ilin ortalarında başlamaq üçün hazırda lazımi sənədlər hazırlanır», - deyə E.Axundov qeyd edib.
2018-ci il martın 29-da “Azərmaş” zavodunun rəsmi açılışı olub. Zavodun təsisçiləri “İran Khodro” və “AzEuroCar” şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində yerləşir. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur.
I mərhələdə müəssisənin yaradılmasına $15 mln. məbləğində sərmayə qoyulub.
2018-ci ildə zavodda 1000 ədəddən çox «Khazar» markalı avtomobil istehsal edilib və onların 95%-i satılıb. «Khazar» LD markalı avtomobilin dəyəri 18 min manat ($10.6 min), «Khazar» SD markalı avtomobilin dəyəri isə 16 min manatdır ($9.4 min).*
B.Rüstəmbəyov