Minimum əmək haqqının məbləğinin 180 manatadək artırılması haqqında Azərbaycan prezidentinin sərəncamı ən azı 600 min nəfəri əhatə edəcək. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov deyib.
“Minimum əmək haqqının 180 manatadək artırılması haqqında sərəncam ən azı 600 min nəfəri, o cümlədən büdcə təşkilatlarında çalışan 450 min işçini və özəl sektorda çalışan 150 min işçini əhatə edəcək”, - deyə o, bu gün keçirdiyi brifinqdə bildirib.
Şöbə müdirinin sözlərinə görə, muzdla işləyənlərin 40%-nin, büdcə təşkilatlarında çalışanların isə 55%-nin əmək haqları artırılacaq.
Prezident İlham Əliyev fevralın 8-də minimum aylıq əməkhaqqının məbləğinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat (hazırda 130 manatdır – İF) təşkil edəcək.*
R.Babayev