2018-ci ilin yanvar ayında Azərbaycan əhalisi ticarət obyektlərindən 2 mlrd. 898,5 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 1 mlrd. 456 mln. manat (2017-ci ilin yanvar ayı ilə müqayisədə artım 2,4%), qeyri-ərzaq mallarının alınmasına 1 mlrd. 442,5 mln. manat (artım 3,1%) sərf olunub.
Yanvar ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 44,3%-i ərzaq məhsullarının, 5,9%-i içki və tütün məmulatlarının, 17,6%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bu dövrdə ticarət şəbəkəsində bir ölkə sakini 147,6 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 146,2 manatlıq qeyri-ərzaq məhsulları alıb.**
N.Abbasova