“Cənub Qaz Dəhlizi”nin icrası yekun mərhələdədir. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
“Yeddi ölkə və çoxsaylı şirkətlərin iştirakı ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi”nin icrası yekun mərhələdədir. CQD dünyanın enerji xəritəsini yenidən formalaşdıran strateji əhəmiyyət kəsb edir”, - P.Şahbazov 55-ci Münhen Təhlükəsizlik Konfransında bildirib. Bu barədə nazirlikdən məlumat verilir.
Nazirin sözlərinə görə, “Cənub Qaz Dəhlizi” hazırda dünya enerji təhlükəsizliyi sisteminə şaxələnməni mənbə və marşrutun hər biri üzrə təqdim edən ilk real layihədir
“Bu layihə enerji təhlükəsizliyi baxımından həssas region sayılan Cənub Şərqi Avropa bazarına istiqamətlənsə də, gələcəkdə daha çox Avropa ölkələrini əhatə etmək perspektivinə malikdir”, - P.Şahbazov deyib.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin dəyəri $41,5 mlrd. təşkil edir.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya 2020-ci ildə nəql olunacağı gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz nəqlinə 2018-ci ilin yayında başlanılıb.**
R.Babayev