Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovla Abu-Dabi şəhərində hərbi sahədə əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib.
“Görüşdə tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar”, - Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilir.
Birləşmiş Ərəb Əmirliklərində keçirilən İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarusun hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Ordumuzun arsenalını gücləndirə biləcək silah və texnika ilə maraqlanıb.
“Sərgi zamanı Z.Həsənov Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko ilə görüşüb. Tərəflər hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini, müasir hərbi texnologiyaların tətbiqi imkanlarını və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər”, - məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, hazırda Azərbaycan Belarus silahlarının alıcılarından biridir. Bakı 2018-ci ilin iyun ayında Minskdən ilk partiya “Polonez” yaylım atəşli reaktiv sistemi alıb. Ötən ilin sentyabr ayında kompleksin növbəti partiyası Azərbaycana gətirilib. Belarus istehsalı yaylım atəşli reaktiv sisteminin Bakıya tədarükü Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən həyata keçirilib.
İlk müqaviləyə əsasən, sifarişçiyə 10 kompleks (raketlər, nəqliyyat-doldurucu maşınlar, idarəetmə məntəqəsi, radiolokasiya stansiyaları və s. daxildir) göndəriləcək.* **
F.İsazadə