Transxəzər Qaz Kəməri Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinə dəyərli töhfə verə bilər. Bunu Türkmənistan prezidentinin neft-qaz üzrə müşaviri Yaxşıgəldi Kakayev deyib.
“Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinə dəyərli töhfə verə biləcək layihələrdən biri Transxəzər Qaz Kəməridir. Türkmənistan Avropa ökələrini təbii qazla təmin etmək üçün kifayət həcmdə ehtiyatlara malikdir”, - Y.Kakayev Bakıda çərşənbə günü Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının plenar sessiyasında bildirib.
Onun sözlərinə görə, Avropaya qaz tədarükünü təşkil etməyə imkan yaradacaq bu cür layihə Transxəzər Qaz Kəməridir.
O bildirib ki, bu layihə üzrə ilk danışıqlar hələ 2011ci ildə üçtərəfli formatda: Türkmənistan, Azərbaycan və Aİ arasında başlayıb. Daha sonra 2015-ci ildə Türkiyə və Gürcüstan danışıqlar prosesinə qoşulub.
“Türkmənistan bu layihə üzrə danışıqların bərpasına hazırlığını təsdiq edir. Əminəm ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasları Transxəzər Qaz Kəməri layihəsinin uğurlu reallaşdırılmasında daha bir addm olacaq”, - Y.Kakayev vurğulayıb. **
B.Rüstəmbəyov