Bu gün Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə Lənkəran rayonundan olan 26 sahibkara 1,3 min manat ümumi məbləğində güzəştli kredit verilib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Kreditlər heyvandarlıq, üzümçülük, bağçılıq, əkinçilik və turizm sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 40-dan çox iş yerinin açılması mümkün olacaq”, - nazirlikdən qeyd ediblər.
Bütövlükdə, SİF-in fəaliyyəti dövrü ərzində Lənkəran rayonundan sahibkarlara 3,4 min investisiya layihəsinin reallaşdırılmasına 123,5 mln. manat ayrılıb.
Həmçinin nazirlikdə qeyd ediblər ki, 2019-cu ilin əvvəlindən Azərbaycanda sahibkarlara 9,1 mlbn. manat ümumi məbləğində investisiya layihələrin reallaşdırılmasına 7,4 mln. manat güzəştli kredit verilib. Bu layihələrin hesabına 270 yeni iş yerinin açılması planlaşdırılır.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.**
B.Rüstəmbəyov