2019-cu ilin yanvar ayı ərzində Azərbaycana turist axını 191,6 min nəfər təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2019-cu ilin yanvar ayında Azərbaycana turist axını ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9% - 191,6 min nəfərədək artıb. Rusiya Federasiyasından turistlərin xüsusi çəkisi 29,4%, Gürcüstandan – 29,1%, Türkiyədən - 11,2%, İrandan - 5,4%, Birləşmiş Ərəb Əmirliklərindən – 4,5% təşkil edib”, - Komitədən bildirilir.
Eyni zamanda, turistlərin 77,1%-ni kişilər, 28,9%-ni isə qadınlar təşkil edib.
Statistik məlumatlara görə, cari ilin yanvar ayında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 0,9% - 5,8 min nəfərdək artıb, MDB ölkələrindən – 0,2% - 67,2 min nəfərədək azalıb.
Yanvarda Azərbaycana gələrkən turistlərin 63,8%-İ dəmir yolu və avtomobil, 35,4%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.
2018-ci ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 19,3% - 357,1 min nəfərə qədər artıb. Ölkə vətəndaşlarının 35%-i İrana, 28%-İ Gürcüstana, 20,9%-i Rusiya Federasiyasına, 10,2%-i Türkiyəyə, 1,2%-i Ukraynaya səfər edib.
“Yanvarda xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 81,4%-i dəmir yolu və avtomobil, 17,3%-i hava, 0,8%-i faizi isə su nəqliyyatından istifadə edib”, - Komitədən qeyd ediblər.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycana turist axını 2017-ci illə müqayisədə 6% - 2 mln. 844,889 min nəfərdək artıb. Eyni zamanda, ötən il xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının sayı 19,5% - 4 mln. 908,1 min nəfərədək artıb.**
B.Rüstəmbəyov